İmam Hüseyn əleyhissəlam

İmam Hüseyn əleyhissəlam

İmam Hüseyn əleyhissəlam və aşura qiyamı barədə əsrlər boyunca çox yazılmışdır. Hər müəllif bu mövzuya fərqli aspektdən yanaşmağa çalışmış, özünün mühüm bildiyi cəhətləri qabartmışdır. Yazılan kitabların bir qismi tarix, bir qismi əqidə, bir qismi ədəbiyyat, bir qismi də siyasət ağırlığına malikdir.

Bəzi alimlər də aşura qiyamına irfani nəzərlə baxmış, müxtəlif rəmzlər, somvollar, təşbehlər vasitəsilə onu vəsf etmişlər. Belə alimlərdən biri də mərhum Ayətullahül-üzma Şeyx Cəfər Şüştəridir. Şeyx Cəfər Şüştəri böyük fiqh alimi və öz dövrünün mərceyi-təqlidlərindən biri olsa da, "əl-Xəsaisül-Hüseyniyyə" kitabını məhz irfani üslubda qələmə almışdır.

Mövzuya keçməzdən əvvəl mərhum Ayətullah Şüştərini aşura müsibəti ilə bağlayan bir cəhətə diqqət yetirmək istərdik. Alimin nəticəsi Şeyx Mühəmməd Təqi Şüştəri öz ulu babası haqqında xatirələrində qeyd edirdi ki, Şeyx Cəfər cavanlığında hafizəsinin zəifliyindən əziyyət çəkirmiş. Belə ki, hətta minbərdə camaata moizə edərkən və rovzə oxuyarkən kitaba baxmağa möhtac imiş, mövzuları yadda saxlaya bilmirmiş. Kitabdan istifadə etmək onun moziələrinin təsir gücünü azaldırdı. Axırda Şüştəri İmam Hüseynə (ə) təvəssül edir ki, hafizəsinin düzəlməsi üçün Allahla onun arasında vasitəçi olsun.

Alim həmin gecə qəribə bir yuxu görür. Yuxuda görür ki, aşura günüdür və o, Kərbəlada, İmam Hüseynin (ə) çadırındadır. İmam Hüseyn (ə) Şeyx Cəfərə oturmaq üçün yer göstərir, sonra yanında duran Həbib ibn Məzahirə tərəf dönüb buyurur: "Ey Həbib, bu gənc bizim qonağımızdır. Ona ehtiram göstərib yemək verməliyik. Bilirəm ki, suyumuz yoxdur, ona görə heç olmasa buğdadan və yağdan bir yemək hazırlayıb gətir".

Həbib ibn Məzahir çadırdan çıxır və az sonra bir boşqab xörəklə qayıdır. Xörəyi Şeyx Cəfərə təqdim edir. Alim röya aləmində xörəkdən bir neçə qaşıq yeyib yuxudan ayılır. O an hiss edir ki, hafizəsi düzəlib. O gündən Şeyx Cəfər Şüştəri minbərə qalxanda kitabdan istifadə etmir və zamanının ən güclü xətibi kimi şöhrət qazanır. Deyirlər ki, onun bircə cümləsindən camaat riqqətə gəlib ağlayar, məclisdə ah-nalə səsi ucalarmış.

Şeyx Cəfər Şüştəri XIX əsrin ən böyük müctəhidlərindən biri idi. O, Sahibi-Zəvabit, Sahibi-Cəvahir, Sahibi-Füsul, Çeyx Cəfər Kaşifül-qitanın oğulları Şeyx Əli və Şeyx Həsən, Şərifül-üləma Mazandarani, eləcə də, Şeyx Mürtəza Ənsari kimi elm nəhənglərindən dərs almışdı. Deyirlər ki, onun imamlığı ilə qılınan camaat namazında 24 min nəfər iştirak edirmiş, namazın mükəbbirlərinin (təkbir deyənlərin) sayı yüzdən çox imiş.

Şüştərinin "Xəsaisül-Hüseyniyyə" (İmam Hüseynin özünəməxsusluqları, fəzilətləri) kitabı 2 cilddən ibarət imiş. Kitabın yalnız birinci cildi çap olunub, ikinci cildi isə itib.

Müəllif kitabda İmam Hüseyni (ə) Quranla və Kəbə ilə müqayisə edir, həzrətin mənəvi məqamını təsvirə çəkir, onun yaradılışdan əvvəl, dünyada və axirətdəki məqamlarını irfani dillə canlandırır. Kitabın maraqlı bölümlərindən biri də Qurani-kərimin 14 mənzili (məqamı, yeri) və buna uyğun olaraq İmam Hüseynin (ə) də 14 mənzili barədə yazılanlardır.

İmam Hüseyn əleyhissəlam

Şeyx Cəfər Şüştəri qeyd edir ki, Qurani-kərim yaradılışın əvvəlindən sonuna kimi 14 mənzilə malik olub və olacaq.

Birinci mənzil lövhi-məhfuzdur. Allah-təala hər şeyi, o cümlədən, Quranı da lövhi-məhfuza həkk edib: "O, şanlı-şərəfli Qurandır. O, lövhi-məhfuzdadır" ("Büruc" surəsi, ayə 21-22).

Quranın ikinci mənzili lövhi-məhfuzun gözətçisi olan İsrafil mələyin (ə) qəlbidir.

Üçüncü mənzil Mikayıl mələyin (ə), dördüncü mənzil isə Cəbrayıl mələyin (ə) qəlbidir. Bu mələklər Quranı bir-birindən əxz etmişlər, Cəbrayıl mələk (ə) də Peyğəmbərə ötürmüşdür.

Quran Qədr gecəsində beşinci mənzilə - beytül-məmura, yəni ərşdən yer səmasına endirildi.

Altıncı mənzil Qədr gecəsində Peyğəmbərin qəlbinə Quranın birdəfəlik endirilməsi oldu.

Quranın yeddinci mənzili 23 il ərzində hissə-hissə Peyğəmbərin qəlbinə endirilməsi ilə bağlıdır.

Hədislərə görə, Quran hər il Qədr gecəsində İmam-zamana (ə) təqdim olunur, bu da onun səkkizinci mənzilidir.

Qurani-kərimin doqquzuncu mənzili – onu eşidən insanların qulağı, onuncu mənzili – onu oxuyan insanların dilidir.

Ayələr kağıza yazılır, bu da on birinci mənzil sayılır.

Quran ayələri möminlərin qəlbinə hopur, mömin qəlblər on ikinci mənzil olur.

Qurani-kərim qiyamət günündə yaraşıqlı qiyafədə məhşərə daxil olar, ona ehtiram bəsləyənlərə şəfaət edər, ona sayğısızlıq edənlərin əleyhinə şəhadət verər.

Nəhayət, Quranın on dördüncü məqamı behiştdir. Quran behiştə möminlərin qəlbində gedər. Möminlər öz dərəcələrinə, o cümlədən, Quranla ünsiyyətlərinə görə cənnətin bir dərəcəsindən daha yüksək o biri dərəcəsinə ucalarlar, Quran da onların qəlbində ucalıq qazanar.

Bunlar Şeyx Cəfər Şüştərinin irfan dünyasında Quranın 14 mənzilidir. Daha sonra alim bu 14 mənzilə uyğun olaraq İmam Hüseynin (ə) də 14 mənzilə malik olduğunu bəyan edir və həmin mənzilləri bir-bir açıqlayır, bununla da İmam Hüseynin (ə) şəxsiyyəti ilə Quran arasında bənzərlik tapmağa çalışır.

Müəllif qeyd edir ki, İmam Hüseynin (ə) birinci mənzili ruhlar aləmi idi. O həzrət İslam Peyğəmbərinin mübarək nurundan yaranmışdı. (Hədislərdə buyurulur ki, varlıq aləmində yaranmış ilk şey Həzrət Rəsulüllahın nuru olmuşdur. Bu nur parçalanmış, ondan digər məsumların nurları yaranmış, daha sonra bütün varlıq aləmi vücuda gəlmişdir).

İmamın ikinci mənzili Allahın ərşinin ətrafı, üçüncü mənzili behişt idi (bu mənzillərdə həzrət ruh halında idi).

İmam Hüseynin (ə) nuru öz ulu əcdadları vasitəsilə dövr etmiş, ataların sülbündə (belində) və anaların bətnində ötürülmüşdür. Bunlar da onun dördüncü və beşinci mənzilləri idi.

İmam Hüseyn (ə) dünyaya gələrkən Həzrət Fatiməyə (ə) yardım etmiş mələklərin əli o həzrətin vücudu üçün altıncı mənzil oldu.

Doğulduqdan sonra İmam Hüseynin (ə) yeddinci mənzili Peyğəmbərin mübarək vücudu idi. İmam o həzrətin sinəsi üstə, qucağında, boynunda, çiynində qərar tutardı.

İmam Hüseynin (ə) səkkizinci və doqquzuncu mənzilləri anası Fatimənin (ə) və atası Əlinin (ə) qucağı idi.

Onuncu mənzil vəhy mələyi Cəbrayılın (ə) qucağı idi. (Vəhy mələyi insan cildində peyğəmbərə görünərdi). Cəbrayıl (ə) körpə Hüseyni (ə) öpüb əzizləyərdi.

Sonralar İmam Hüseynin (ə) on birinci uca mənzili İslam Peyğəmbərinin minbəri oldu. Babası onu minbərdə öz yanında otuzdurub camaata göstərər, gələcək şəhadəti barədə danışardı.

Peyğəmbər vəfat edərkən İmam Həsənlə İmam Hüseyn (ə) onun vücuduna sarılıb vidalaşdılar. Bu da həzrətin on ikinci mənzili idi.

İmam Hüseynin (ə) on üçüncü mənzili Peyğəmbərin qəlbi idi. Allahın Rəsulu buyurmuşdu: "Mənim qəlbimdə Hüseyndən ötrü elə bir yer var ki, heç kimin yeri ona bənzəməz".

Nəhayət, İmam Hüseynin (ə) on dördüncü mənzili onu sevən möminlərin qəlbidir.

Məqalədə Qurani-kərimlə İmam Hüseynin (ə) hər birinin malik olduğu 14 mənzil baxımından bənzərlikləri barədə Şeyx Cəfər Şüştərinin "Xəsaisül-Hüseyniyyə" əsərində yazılanların bir hissəsini diqqətinizə çatdırdıq. Müəllif bu mövzuda başqa maraqlı məqamlara da toxunur. O, qeyd edir ki, Quran Allahın samit (danişmaz, lal) kəlamıdır, Hüseyn (ə) isə Allahın natiq (danışan) kəlamı idi. Quran öz yazıları ilə, Hüseyn (ə) isə öz rəftarı və sözü ilə insanları haqqa doğru hidayət edirdi. Allah-təala Qurani-kərimdə Müqəddəs Kitabı "fürqan" (haqla batili ayıran), "hüda" (yolgöstərən) adları ilə vəsf edir. Həzrət Mühəmməd Peyğəmbərin (s) kəlamında buna oxşar ifadələr İmam Hüseyn (ə) haqqında buyurulub: "Hüseyn hidayət çırağı və nicat gəmisidir".

İslam Peyğəmbəri (s) dəfələrlə Qurani-kərimi və öz Əhli-beytini müsəlmanlara tapşırmış, bu ikisini qorumağı, onlardan ayrılmamağı tövsiyə etmişdi. "Səqəleyn hədisi" kimi tanınan məşhur hədisdə buyurulur: "Sizin aranızda iki əmanət qoyuram. Əgər bunlara möhkəm sarılsanız, nicat taparsınız. Əgər bunlardan uzaq düşsəniz, zəlalətə düçar olarsınız. Bu iki əmanətdən biri Allahın Kitabı (Quran), o biri isə itrətimdir (Əhli-beytimdir). Bu ikisi qiyamət günündə cənnət hovuzunun başında mənim hüzuruma yetişənə kimi bir-birindən ayrılmazlar".

Bundan əlavə, İslam Peyğəmbəri Hüseyni (ə) ümmətə ayrıca tanıtdırıb, onu qorumağı tövsiyə etmişdi. Peyğəmbər balaca Hüseyni (ə) tez-tez öz minbərinə qaldırar, camaata göstərib buyurardı: "Ay camaat, bu, Hüseyn ibn Əlidir (ə), onu tanıyın! Allaha and olsun ki, o, cənnətdə olacaq, onu sevən cənnətdə olacaq, hətta onu sevəni sevən də cənnətdə olacaq" (Əmaliyi-Səduq, məclis 87, hədis 4).

Quran Qədr gecəsində nazil olub. Həmin gecə mələklər yerə enərlər; bu barədə "Qədr" surəsində də buyurulub. İmam Hüseynin (ə) doğulduğu gecə də mələklər Həzrət Peyğəmbəri (s) təbrik etmək, bununla yanaşı, həm də Hüseynin (ə) gələcək qətli münasibətilə Peyğəmbərə (s) başsağlığı vermək üçün yerə eniblər.

Quran heç zaman köhnəlməyən, unudulmayan, öz qüvvəsini itirməyən bir kitabdır. İmam Hüseynin (ə) müsibəti də qiyamətə kimi möminlərin qəlbini sızladar, yaddaşlardan silinməz. Hər il bu müsibət qeyd olunar, könüllər riqqətə gələr, gözlər yaşla dolar. Peyğəmbərin buyurduğu kimi, Hüseynin (ə) qətli ürəklərdə elə bir hərarət yaradar ki, qiyamətə kimi sönməz.

Quranı oxumaq, ona qulaq asmaq, hətta Quranın yazısına baxmaq savabdır və ibadətdir. İmam Hüseynin (ə) də müsibətini zikr etmək, növhə demək, ağlamaq və başqasını ağlatmaq, əza məclislərində iştirak etmək, Hüseyni (ə) yaxından (Kərbəlada) və uzaqdan (öz evində ziyarətnamə oxumaqla) ziyarət etmək, onun hüzurunda şəhid olmağı arzulamaq, onun zəvvarlarına xidmət göstərmək böyük savaba malikdir.

İmam Rza (ə) İbn Şəbib adlı səhabəyə xitabən buyurub: "Ey İbn Şəbib! Əgər Hüseynə ağlasan və göz yaşların yanaqlarını islatsa, Allah günahlarını bağışlayar. Ey İbn Şəbib! Əgər istəsən ki, günahların bağışlansın – Hüseyni ziyarət et. Əgər istəsən ki, behişt saraylarında Peyğəmbərlə birlikdə olasan – Hüseynin qatillərinə lənət oxu. Ey Şəbibin oğlu! Əgər Hüseynin səhabələri qədər savab qazanmaq istəsən, həmişə o həzrəti yad edəndə söylə ki, kaş orada olub böyük feyzə çataydım. Əgər behiştdə uca məqama yetişmək istəsən, bizim kədərimizə kədərlən, sevincimizə sevin, vilayətimizə tabe ol!" (Əmaliyi-Səduq, məclis 27, hədis 5).

Quran, onu oxuyana və əməl edənə qiyamət günündə şəfaət edəcək. İmam Hüseyn (ə) də onun müsibətini yaşadanlara, onun matəmində ağlayanlara, onun yolu ilə gedənlərə öz şəfaəti ilə yardım edəcək.

Quran keçmiş peyğəmbərlərin başına gələnlərdən danışır, onların müsibətlərini bəyan edir. İmam Hüseyn (ə) həmin müsibətləri öz həyatı ilə canlandırıb, təkrar edib.

Quran 30 cüzə, hər cüz iki hizbə, hər hizb daha dörd hissəyə bölünür. İmam Hüseynin (ə) bədənini də Kərbəlada tikə-tikə doğradılar.

Quranın öz hökmləri var. Onun yazısına pak halda toxunmaq, ona ehtiramla yanaşmaq, onu pak halda oxumaq lazımdır. Hüseynin (ə) də imam kimi ümmətin boynunda haqqı var idi. Amma onun haqqını qorumadılar, ona zülm etdilər, dünya mənfəəti yolunda onu və əzizlərini şəhadətə çatdırdılar.

*****

Şeyx Cəfər Şüştəri daha sonra İmam Hüseynin (ə) vücudu ilə "Fatihə" surəsi və "bismillah" ayəsi arasında paralellər aparır, maraqlı nəticələrə gəlir.

"Fatihə" surəsi "ümmül-kitab" (Quranın anası) ləqəbi ilə tanınır, yəni Quranın bütün möhtəvası, cövhəri bu surədə toplanıb. İmam Hüseyn (ə) də imamların atasıdır, özündən sonrakı 9 imam onun nəslindən dünyaya gəlib.

"Fatihə" surəsinin adlarından biri "şafi"dir, yəni şəfa verən. Batini və zahiri dərdlər bu surəni ixlasla oxumaq nəticəsində sağalar. İmam Hüseynin (ə) türbəti (qəbrinin torpağı) da şəfadır. İmam Hüseynə (ə) ağlayan şəxsin göz yaşı bütün dərdlərin dərmanıdır.

"Fatihə" surəsini imanla oxuyan adama onun hər hərfinin qarşılığında Allah hədsiz savab verər. İmam Hüseynə (ə) ağlayan şəxs göz yaşının damcılarının sayı qədər, İmam Hüseyn (ə) ziyarətinə gedən şəxs atdığı hər addımın sayı qədər savab qazanar.

Nəhayət, "bismillah" ayəsi kəsilən qurbanın halal olmasının şərtidir, hər dəfə qurban kəsəndə bu ayəni xatırlayır və oxuyurlar. Eləcə də, hər dəfə qurban kəsəndə İmam Hüseynin (ə) susuz və diri-diri başının kəsildiyi yada düşür, ruhuna salam, qatillərinə lənət göndərilir.

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana