Eşq və məhəbbət səbəbindən edilən ibadət ən yaxşı ibadətdir
Alimlərdən biri öz tələbələri ilə yol gedərkən ağac altında oturub son dərəcə dərin mütaliəyə qərq olmuş bir gənci görür. Geri qayıtdıqda yenə həmin gənci həmin yerdə, elə həmin ciddi səylə nəsə oxuduğunu görürlər.
Ona yaxınlaşıb bu kitabları oxumağa niyə bu qədər ciddi yanaşdığını soruşurlar. Gənc oğlan bunun üç səbəbinin olduğunu bildirir:
- Birincisi, atam-anama söz vermişəm ki, yaxşı həyat sürmək üçün dərslərimi yaxşı oxuyum və şahın ordusuna qoşulmaq üçün keçiriləcək imtahanda uğur qazanım.
İkincisi, imtahandan kəsilsəm atam məni şallaqlayacağına söz verib.
Üçüncü səbəb isə imtahandan kəsiləcəyim təqdirdə, savadsız bir kəndli olacağımı və şənimə uyğun olmayan işlərlə məşğul olacağımı gözümün qabağına gətirmişəm.
Bunu eşidən şagirdlər “yazığın başqa çarəsi yoxdur, bu səbəblərə görə mütləq dərslərini yaxşı oxumalıdır” deyirlər. Alim isə bunun başqa, daha ciddi bir səbəbinin olduğunu düşünür və gəncdən soruşur:
- Əgər sadaladığın bu üç səbəb olmasaydı, artıq oxumayacaqdın bu kitabları?
- Əlbəttə yox, başqa daha vacib səbəb də var. Amma onu hər adama demirəm. Atamın dostlarından birinın qızına aşiq olmuşam, o da bildirib ki, imtahandan kəsilsəm qızını mənə verməyəcək. Mən daha çox bu məqsədimə nail olmaq üçün oxuyuram.
Bundan sonra alim tələbələrinə deyir:
- İstənilən işdə daha ciddi səy görsəniz, bilin ki, bu işin arxasında eşq vardır. Çünki, qorxu heç bir zaman bu dərəcədə əziyyət çəkməyə səbəb ola bilməz.
İmam Sadiq (ə) buyurur:
"İbadət edənlər 3 dəstədirlər:
Allaha cəhənnəm əzabı qorxusundan ibadət edənlar - bu qulların ibadətidir; Allaha mükafat ümidi ilə ibadət edənlər - bu tacirlərin ibadətidir; Allaha eşq və məhəbbət səbəbindən ibadət edənlər - bu azad insanların ibadətidir və ən kamil ibadət də elə budur".
(Kafi, c2, s. 84)
islam.az
Şərh yazın