Gözlə bir az

Gözün aydın, dəyişir dövrü-zaman, gözlə bir az,
Gəlir o Sahibi bu mülki-cahan, gözlə bir az.

O gələnlə yaşanar əsri-səadət yenə də,
Tükənər ərşə çıxan ahu-fəqan, gözlə bir az.

Elə bil, sanki, bu an səslənəcək ismi onun,
Gəlişiylə edəcək həqqi əyan, gözlə bir az.

O sevinc anı dəyər ömrülərin hamısına,
Yetişir zirvəyə sürətlə o an, gözlə bir az.

O həmin candan əziz candır, ona can qurban,
Qoru canı, qalıb o ta ki, nihan, gözlə bir az.

Nə qədər gəlməyib o, zülm hələ tüğyan eləyir,
O, gəlib verməyəcək zülmə aman, gözlə bir az.

O, gələndə yağacaq ümmətə rəhmət yağışı,
Yatacaq toz-tozanaq, tüstü-duman, gözlə bir az.

O gələn yollara toz qonmağa qoyma, ey dil,
Elə göz yaşını yollarda rəvan, gözlə bir az.

Şahin Qurbanov