Peyğəmbəri-Əkrəmdən (s) 14 hədis - (2-ci bölüm)
Peyğəmbəri-Əkrəmdən (s) 14 hədis - (2-ci bölüm)
1. Ən yaxşı əməl
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
اُصیکُم بِالصَّلاةِ وَ حِفظِها فَاِنَّها خَیرُ العَمَلِ وَ هِیَ عَمُودُ دینِکُم
“Sizə namazı və onu qorumağı (vaxtında qılmağı...) tövsiyə edirəm. Çünki namaz ən yaxşı əməl və dininizin sütunudur.”[1]

2. İmanın və həyatın yarısı
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur
مُدَارَاةُ النَّاسِ نِصْفُ الْإِيمَانِ وَ الرِّفْقُ بِهِمْ نِصْفُ الْعَيْش
“İnsanlarla “müdara” etmək (keçinmək) imanın yarısı, dostluq etmək isə həyatın yarısıdır.”[2]

3. “Bismilləhir-rəhmənir-rəhim”i öyrədən və öyrənənin savabı
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
إِذَا قَالَ الْمُعَلِّمُ لِلصَّبِيِّ قُلْ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ- فَقَالَ الصَّبِيِّ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ- كَتَبَ اللَّهُ بَرَاءَةً لِلصَّبِيِّ وَ بَرَاءَةً لِأَبَوَيْهِ وَ بَرَاءَةً لِلْمُعَلِّمِ مِنَ النَّارِ
“Əgər bir müəllim bir uşağa “Bismilləhir-rəhmənir-rəhim” öyrədərsə və uşaq da “Bismilləhir-rəhmənir-rəhim” deyərsə, Allah-Taala həmin uşaq, onun ata-anası və müəllimi üçün Cəhənnəmdən qurtuluş vəsiqəsi yazar.”[3]

4. İnsanı cənnətlik edən iki əməl
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
أَكْثَرُ مَا تَلِجُ بِهِ أُمَّتِي فِي اَلْجَنَّةِ اَلتَّقْوَى وَ حُسْنُ اَلْخُلُقِ
“Mənim ümmətimi Cənnətə daxil edən əsas səbəblər təqva və gözəl əxlaqdır.”[4]

5. İnsanı cəhənnəmlik edən iki səbəb
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
أَكْثَرُ مَا تَلِجُ بِهِ أُمَّتِي فِي اَلنَّارِ اَلْأَجْوَفَانِ اَلْبَطْنُ وَ اَلْفَرْجُ
“Mənim ümmətimi Cəhənnəm oduna daxil edən iki əsas səbəb qarın və cinsi şəhvətdir.”[5]

6. Behişt və Cəhənnəmin örtüyü
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
حُفَّتِ اَلْجَنَّةُ بِالْمَكَارِهِ وَ حُفَّتِ اَلنَّارُ بِالشَّهَوَاتِ
“Behişt bəndəlik və ibadət əziyyəti ilə, Cəhənnəm isə şəhvətlərlə əhatə olunmuşdur.”[6]

7. Günümüzün halı
Peyğəmbəri-Əkrəm (s) İmam Əliyə (ə) buyurmuşdur:
یَا عَلِیُّ إِنَّ اَلْقَوْمَ سَیُفْتَنُونَ بِأَمْوَالِهِمْ وَ یَمُنُّونَ بِدِینِهِمْ عَلَى رَبِّهِمْ وَ یَتَمَنَّوْنَ رَحْمَتَهُ وَ یَأْمَنُونَ سَطْوَتَهُ وَ یَسْتَحِلُّونَ حَرَامَهُ بِالشُّبُهَاتِ اَلْکَاذِبَةِ وَ اَلْأَهْوَاءِ اَلسَّاهِیَةِ فَیَسْتَحِلُّونَ اَلْخَمْرَ بِالنَّبِیذِ وَ اَلسُّحْتَ بِالْهَدِیَّةِ وَ اَلرِّبَا
“Ya Əli, (məndən sonra) bu ümmət tezliklə var-dövləti ilə imtahana çəkilər. Onlar dindarlıqlarına görə Allaha minnət qoyar və Allahdan rəhmət istəyərlər, özlərini əzabdan amanda bilər, yalan şübhələr və qəflətə salan istəklərlə haramları halal edərlər. Məstedici içkiləri halal içki, haram malı hədiyyə, sələmi al-ver zənn edərək özləri üçün halala çıxararlar.”[7]

8. Hamıdan çox kimə yaxşılıq edim?
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ (صلی الله علیه وآله) فَقَالَ: يَا رَسُولَ اللَّهِ! مَنْ أَبَرُّ؟ قَالَ: أُمَّكَ قَالَ: ثُمَّ مَنْ؟ قَالَ: أُمَّكَ قَالَ: ثُمَّ مَنْ؟ قَالَ أُمَّكَ قَالَ ثُمَّ مَنْ؟ قَالَ أَبَاكَ
Bir gün bir kişi Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib soruşdu: “Ey Allahın Rəsulu! Hamıdan çox kimə yaxşılıq edim?” Həzrət buyurdu: “Anana.” Soruşdu: “Ondan sonra?” Həzrət buyurdu: “Anana.” Üçüncü dəfə soruşduqda, Həzrət yenə “Anana!” – deyə cavab verdi. Sual dördüncü dəfə təkrar olunduqda, Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Atana!”[8]

9. Cəhənnəm odunun sipəri
Peyğəmbəri-Əkrəm (s) Cəhənnəm odunun dillərinin sayının on doqquz olduğunu bildirərək buyurmuşdur:
مَنْ أَرادَ أَنْ يُنَجِيَهُ اللهُ مِنَ الزَّبانِيَةِ التِّسْعَةَ عَشَرَ، فَلْيَقَرْأْ: (بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيمِ)، فَإِنَّها تِسْعَةَ عَشَرَ حَرْفاً، لِيَجْعَلَ اللهُ كُلَّ حَرْفٍ مِنْها جُنَّةً مِنْ واحِدٍ مِنْهُمْ
“On doqquz dildən ibarət Cəhənnəm odundan qurtulmaq istəyən kəs on doqquz hərfdən ibarət olan “Bismilləhir-rəhmənir-rəhim”i oxumalıdır ki, Allah onun hər bir hərfini Cəhənnəm odunun bir dili qarşısında sipər qərar versin.[9]

10. Dini olmayan zəif mömin kimdir?
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
إِنَّ اللهَ لَيُبْغِضُ الْمُؤْمِنَ الضَّعِيفَ الَّذِي لاَ دِينَ لَهُ. فَقِيلَ: وَمَا الْمُؤْمِنُ الضَّعِيفُ الَّذِي لاَ دِينَ لَه؟ قَالَ: الَّذِي لاَ يَنْهَى عَنِ الْمُنْكَرِ
“Allah dini olmayan zəif mömini düşmən bilər.” Həzrətdən soruşulur: “Dini olmayan zəif mömin kimdir?” Buyurur: “Pislikdən çəkindirməyən (nəhy əz münkər etməyən) şəxs.”[10]

11. Həqiqətdən uzaqlaşdıran, axirəti unutduran
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
أَلاَ إِنَّ أَخْوَفَ مَا أَخَافُ عَلَيْكُمْ خَلَّتَانِ اِتِّبَاعُ اَلْهَوَى وَ طُولُ اَلْأَمَلِ أَمَّا اِتِّبَاعُ اَلْهَوَى فَيَصُدُّ عَنِ اَلْحَقِّ وَ أَمَّا طُولُ اَلْأَمَلِ فَيُنْسِي اَلْآخِرَةَ
“Agah olun, həqiqətən, sizin üçün iki şeydən daha çox qorxuram: nəfs istəyinə tabeçilik və uzun-uzadı arzular. Nəfs istəyinə tabeçilik insanı həqiqətdən uzaqlaşdırır, uzun-uzadı arzular isə axirəti unutdurur.”[11]

12. Kişilərin ən pisi
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
أَلاَ أُخْبِرُكُمْ بِشِرَارِ رِجَالِكُم
“Sizə kişilərin ən pisindən xəbər verimmi?”
Dedilər:
بَلَى يَا رَسُولَ اَللَّهِ
“Bəli, ey Allahın Rəsulu!”
Həzrət buyurdu:
إِنَّ مِنْ شِرَارِ رِجَالِكُمُ اَلْبَهَّاتَ اَلْجَرِيءَ اَلْفَحَّاشَ اَلْآكِلَ وَحْدَهُ وَ اَلْمَانِعَ رِفْدَهُ وَ اَلضَّارِبَ عَبْدَهُ وَ اَلْمُلْجِئَ عِيَالَهُ إِلَى غَيْرِهِ
“Həqiqətən, siz kişilərin ən pisi (bu xüsusiyyətlərə sahib olanlardır): 1. böhtançı; 2. söyüşcül; 3. tək-tənha yemək yeyən; 4. yaxşılığını əsirgəyən; 5. köləsini döyən; 6. əhli-əyalını (gündəlik ev xərclərində) başqasına möhtac edən.”[12]

13. Zülmün üç növü
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
الظُّلْمُ ثَلاثَةٌ، فَظُلْمٌ لا يَغْفِرُهُ الله، وَظُلْمٌ يَغْفِرُهُ، وَظُلْمٌ لا يَتْرُكُهُ، فَأَما الظُّلْمُ الَّذِي لا يَغْفِرُهُ الله فَالشِّرْكُ، قَالَ الله: {إنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ} وَأَمَّا الظُّلْمُ الَّذِي يَغْفِرُهُ فَظُلْمُ العِباَدِ أَنْفُسَهُمْ فِيمَا بَيْنَهُمْ وَبَيْنَ رَبِّهِمْ وَأَمَّا الظُّلْمُ الَّذِي لا يَتْرُكُهُ الله فَظُلْمُ الْعِبَادِ بَعْضِهِمْ بَعْضًا
“Zülm üç növdür: Allah tərəfindən bağışlanmayan zülm, bağışlanan zülm və keçilməyən zülm. Allah tərəfindən bağışlanmayan zülm şirkdir (Allaha şərik qoşmaqdır). Allah-Taala buyurmuşdur: “Həqiqətən, şirk böyük günahdır.” Bağışlanan zülm bəndələrlə Pərvərdigar arasında onların özlərinə etdikləri zülmdür. Allahın keçmədiyi zülm isə bəndələrin bir-birinə etdikləri zülmdür (bəndələr bir-birinə etdikləri zülm və haqsızlıqdan keçməyincə, Allah da keçməz.)”[13]

14. Məzlumun ahından qorxun!
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
اِتَّقوا دَعْوَةَ الْمَظْلومِ وَإنْ كانَ كافِرا فَإِنَّها لَيْسَ دونَها حِجابٌ؛
“Kafir olsa da, məzlumun qarğışından qorxun! Çünki onun qarğışı müqabilində pərdə (maneə) olmaz.”[14]

[1] (“Biharul-ənvar”, c.82, səh.209 və 226.)
[2] (“Əl-kafi”, c.2, səh.117.)
[3] (“Camiul-əxbar”, c.1, səh.42.)
[4] (“Əl-kafi”, c.2, səh.79.)
[5] (“Əl-kafi”, c.2, səh.79.)
[6] (“Biharul-ənvar”, c.68, səh.72.)
[7] (“Nəhcül-bəlağə”, xütbə 156.)
[8] (“Əl-kafi”, c.2, səh.159.)
[9] (“Mustədrəkul-vəsail”, c.4, səh.387.)
[10] (“Biharul-ənvar”, c. 72, səh.228, hədis 4, bölüm 112.)
[11] (“Əl-kafi”, c.8, səh.58.)
[12] (“Əl-kafi”, c.2, səh.292.)
[13] (“Nəhcül-fəsahə”, səh.561, hədis 1924.)
[14] (“Nəhcül-fəsahə”, səh.164, hədis 48.)

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :