İmam Həsən Əsgəri (ə) buyurur:
Musa ibn İmran Allahdan soruşdu:
-Allahım, mənim sənin elçin və peyğəmbərin olmağıma və Səninlə danışmağıma şəhadət verənin əvəzi nədir?
Allah:
-Mələklərim ona sarı gələcək və onu cənnətlə müjdələyəcək.
Musa:
-Həmişə Sənin önündə dayanıb namaz qılan bəndənin əvəzi nədir?
Allah:
-Onun ruku, qiyam və səcdələrinə görə mələklərim önündə fəxr edərəm. Fəxr etdiyim bir şəxsi isə cəzalandırmaram.
Musa:
-Sənin razılığını qazanmaq məqsədi ilə bir kimsəsizi doyuzduranın əvəzi nədir?
Allah:
-Bütün kainatın fövqündə Carçının belə səslənməsinə göstəriş verərəm: “Filankəsin oğlu filankəs Cəhənnəm atəşindən qurtulanlardandır!”
Musa:
-Qohumluq əlaqələrini qoruyub saxlayanın (siləyi-rəhm edənin) əvəzi nədir?
Allah:
-Ölümünü yubadaram, canvermə anını asanlaşdıraram. Cənnət xəzinədarları onu “Bizə sarı gəl, istədiyin qapıdan cənnətə daxil ol”, deyə səsləyəcəklər.
Musa:
-Camaata pislik etməyən, yalnız xeyir işlər görən şəxsin əvəzi nədir?
Allah:
-Qiyamət günü atəş ona səslənəcək: “Sənin mənə girişin qadağandır”.
Musa:
-Səni qəlbi və dili ilə xatırlayan şəxsin əvəzi nədir?
Allah:
-Ey Musa, Qiyamətdə onu ərşimin kölgəsində saxlayıb öz himayəmə götürərəm.
Musa:
-Gizlin və aşkar, dərin mənalı ayələrini qiraət edən şəxsin əvəzi nədir?
Allah:
-Ey Musa, o, siratdan ildırım surəti ilə keçəcək.
Musa:
-Sənin razılığını əldə etmək qəsdi ilə başqalarının azab-əziyyətinə dözən kimsənin əvəzi nədir?
Allah:
-Qiyamətin qorxulu anlarında ona yardımçı olaram.
Musa:
-Sənin qorxundan göz yaşı axıdanın əvəzi nədir?
Allah:
-Üzünü qızmar cəhənnəm atəşindən qoruyaram, onu Fəze`-əkbər (Qiyamətin adlarından biri) günündə amanda saxlayaram.
Musa:
-Səndən utanıb xəyanət etməyənin əvəzi nədir?
Allah:
-O, Qiyamət günü amanda qalacaq.
Musa:
-İtaət əhlinə qayğıkeşlik edənin əvəzi nədir?
Allah:
-Cəhənnəm odunu ona haram edərəm.
Musa:
-Mömin bəndəni bilərəkdən qətlə yetirən şəxsin cəzası nədir?
Allah:
-Qiyamət günü ona şəfqət gözü ilə baxmaz, günahlarını bağışlamaram.
Musa:
-Kafiri İslama dəvət edən şəxsin əvəzi nədir?
Allah:
-Ona istədiyi şəxsə şəfaət etmək (bağışlatmaq) ixtiyarı verərəm.
Musa:
-Namazlarını ilk vaxtda qılan şıxsin əvəzi nədir?
Allah:
-Bütün istəklərini həyata keçirər, Cənnəti ona halal edərəm.
Musa:
-Sənin razılığını əldə etmək məqsədi ilə dəstəmaz alan kimsənin əvəzi nədir?
Allah:
-Onu Qiyamət günü iki gözləri arasından nur parlayan halda səhnəyə gətirərəm.
Musa:
-Sənin razılığını qazanmaq məqsədi ilə ramazan ayının orucunu tutan şəxsin əvəzi nədir?
Allah:
-Onu Qiyamətdə əmin-amanlıqda saxlayaram.
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın