❀ İntizam Kəşmiri adlı böyük bir alim deyir: "Günlərin birində Xorasanda Ayətullah Şeyx Həsənəli İsfahaninin yanına gedib ondan məsləhət istədim. Ayətullah Şeyx Həsənəli böyük alim və ariflərdən biri idi. Böyük müctehidlər belə ona son dərəcə ehtiram göstərərdilər. Ona dedim ki, ağa, men gecə namazın qıla bilmirəm. Bundan əlavə, dünyəvi işlərim də heç düz getmir. Ruhu vəziyyətim pisləşib, ibadətə meylim azalıb və ruzi qazanmaq mənim üçün çətinləşib. Xahiş edirəm, mən, elə bir şey öyrədin ki, Allah mənim bütün işlərimi sahmana salsın. Şeyx Həsənəli azacıq susduqdan sonra buyurdu: Hər gün sübh namazından sonra bir dəfə "Yəsin" surəsin oxusan, problemlərin həll olunacaq.
Mən ona təşəkkürümü bildirib evə qayıtdım. "Yəsin" surəsinin yarısını əzbər bilirdim. Bir neçə gün oxuyub həmin surəni tam əzbərlədim. Hər gün sübh namazından sonra işə gedərkən yolda gedə-gedə bir dəfə "Yəsin" surəsini oxuyurdum. Bir müddət beləcə davam etdim. Lakin yenə də nə gecə namazına müvəffəq ola bildim, nə də işlərim düzəldi.☹
❀ Günlərin birində işlə əlaqədər olaraq Xorasana getdim. Hava həm yağışlı, həm də soyuq idi. Görüşəcəyim adamın qapısına getdim. Qapını nə qədər döydümsə, açan olmadı. Öz-özümə dedim: Görəsən, gecənin bu vaxtında mən hara getsəm yaxşı olar? Birdən yadıma düşdü ki, Şeyx Həsənəlinin evinə gedim, həm də onun mənə verdiyi tapşırığın təsiri olmadığını deyib giley-güzarlıq edərəm. Şeyxin qapısına çatdıqda gördüm ki, evin işiqları yanır və həyətin qapısı da açıqdır. Həyətə daxil olduqda gördüm ki, evdə məclis təşkil olunub və içəridə xeyli adam vardır. Şeyxin əyləşdiyi otaqda adam çox idi. Hava soyuq olduğuna görə qapını örtmüşdülər. Dəhlizdə isə bir neçə nəfər əyləşib onun sözlərinə qulaq asırdı. Mən də dəhlizdə əyləşib onun sözlərini dinləməyə başladım. Şeyx söhbət əsnasında mövzunu dəyişib bir söz dedi. O, mənim dəhlizdə əyləşdiyimi görmürdü. Amma onun bu sözləri sanki mənə aid idi. Dedi ki, bəli, bəli. Bəziləri gəlib məndən gecə namazına müvəffəq olmaları və işlərinin sahmana düşməsi üçün məsləhət istəyirlər. Mən də onlara deyirəm ki, hər gün sübh namazından sonra bir dəfə "Yəsin" surəsini oxuyun. Onlar da gedib "Yəsin" surəsini dəstəmazlı və üzü qibləyə sarı oxumaq əvəzinə, yol gedə-gedə, işləri ilə məşğul ola-ola oxuyurlar. Elə başa düşürlər ki, yol gedə-gedə, iş görə-görə "Yəsin" surəsin oxuduqda problemlər həll olunacaqdır. Bir ildən sonra da Məşhədə başqa bir iş üçün gəlir və işi alınmır. Dünya işinin alınmadığını gördükdə yənə də mənim yanıma gəlir və axirət işinin alınmaması yadına düşdüyündən mənə giley-güzarlıq etmək istəyir. Diqqətli olmaq lazımdır! Diqqətli olmaq lazımdır!
Şeyx bu sözləri deyib yenə də əvvəlki söhbətini davam etdirməyə başladı. Mən də onun sözlərindən payımı götürdüm və başa düşdüm ki, diqqətsizlik üzündən problemlərim öz həllini tapmamışdır.
۩۞۩ Diqqətli olmaq lazımdır ۩۞۩
Şərh yazın