Hər birimizin nəfsimizlə mübarizə etməyə və cihad etməyə ehtiyacımız vardır. Əgər nəfsimizi tərbiyə etməsək, kamala çata bilmərik. Nəfsimizi tərbiyə etməyin mərhələləri vardır ki, onlara işarə edək:
Nəfsi tanımaq – tərbiyənin ilk işidir. Nəfsin mərtəbələrindən biri əmmarə nəfsdir ki, insanı pis işlərə dəvət edər. Həzrət Peyğəmbər (s) onu ən qatı düşmən adlandırmışdı. Quranın nəzərinə görə, hər kim nəfsinin ardınca gedərsə, ona müşrikcəsinə pərəstiş edər. O, öz ağıl gözünü kor edər, qəlbi qaraldar, insanı İlahi rəhmətdən məhrum edər, həqiqətləri müşahidə edə bilməz. “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” 23). O zaman ki, insanın batinində nəfsi əmmarənin hökmranlığı güclü olar, bütün bədən üzvləri ona itaət edərlər. İnsan günah etməkdən çəkinməz. Günahlar insanın ağılını və qəlbini qaraldar.
Əmmarə nəfsi tanıdıqdan sonra onunla mübarizə etməyin nə qədər zəruri olduğunu dərk etmək asan olar. Bu, ən böyük cihad adlandırılmışdır. İnsan ilk növbədə əxlaqını tərbiyə etməlidir və sonrakı mərhələdə mənəvi kamala tərəf meyl göstərməlidir. Havayi-nəfs insanı elmdən, kamaldan, istedadları üzə çıxartmaqdan saxlayar. İnsan gərək nəfsinə hakim olmağı bacarsın. İnsan əgər öz maliki olmaq istəyirsə, bədəninin əsirliyindən və başqalarının əsirliyindən xilas olar. Əmirəl-möminin (ə) Malik Əştərə buyurur: “Sən gərək öz malikin olasan. Nəfsinin dinə uyğun olmayan istəklərinə qarşı simic olasan. Nəfsə qarşı simiclik etmək – onun haqqında insafın eynisidir”.
Əxlaq müəllimləri kamala hərəkət etmək üçün mərhələlər zikr ediblər. Bu mərhələlər ibarətdir: qəflətdən ayılmaq, təfəkkür, əzm, müşaritə, müraqibə, mühasibə və təzəkkür. İnsan əgər qəflətdə olduğunu bilməsə, heç bir zaman özünütərbiyə ilə məşğul olmaz. Necə ki, xəstə öz xəstəliyini bilmədən onu müalicə edə bilməz, eləcə də insan gərək qəflətdə olduğunu bilsin ki, ayılmağa çalışsın. İmam Əli (ə) buyurur: “Qəflət – ən çox ziyan verən düşmən, xəstəliyin bir növü, ürəyin kor olmaq və qəlbin ölmək amilidir”.
Beləliklə, deyə bilərik ki, insanın nəfsi tərbiyə oluna biləndir. Ancaq ilk addımda bir qədər zəhmət istəyir. İnsan tərbiyəyə başlayan zaman islah olmaq daha asan və sadə olacaqdır.
(İslami saytlara istinadən)
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın