İmam Kazimin(ə) şəhadəti

İmam Museyi Kazim əleyhissalam 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə Mədinə arasında yerləşən Əbva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəldi və 21 yaşında ikən imamlığa çatdı.
Bu barədə Əbubəsir belə demişdir: Imam Cəfər Sadiq (ə) ilə birlikdə həccə gedirdik ki, Əbvaya çatdıq. Səhər yeməyimizi yedikdən sonra imama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir. Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə qayıdan imam bizə belə buyurdu: «Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşağı əta edibdir. Anası deyir ki, uşaq dünyaya gələndə başını səcdəyə qoyub Allaha şükr edibdir ki, bu da onun imamlığının nişanəsidir.
Həzrət Mədinəyə qayıtdıqdan sonra üç gün ehsan verərək bütün yoxsulları ehsan məclisinə dəvət etdi. Yəqub Sərrac deyir: Mədinədə imam Sadiqin yanına getdim. Onu oğlu Imam Museyi Kazim əleyhissalamın beşiyinin yanında əyləşən gördüm. Həzrətə salam verdim. Gülərüzlə cavabımı verib buyurdu: «Məndən sonrakı imamın yanına gəl və ona da salam ver». Yaxınlaşıb salam verdim, uşaq səlis dillə cavabımı verib buyurdu: «Allah sənə bir qız verib, amma ona yaxşı ad qoymamısan, get onun adını dəyiş.»

O həzrət atası imam Sadiq əleyhissalamın sayəsində tərbiyə alaraq dini məsələləri o həzrətdən dərindən öyrənmişdi, belə ki, imam Sadiq qadınlara dini məsələləri ondan soruşmalarını əmr edərdi.
İmamın cismi cəhətdən arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daimə piyada gedər, həmişə xalqa salama verər, ailəcanlı və hörmətcil idi. Həzrət həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr gizlincə ərzaqı yoxsul ailələrin evinə aparar və onlardan bəzisinə aylıq maaş verərdi...

İmamın dostlarında biri o həzrətin səbr və dözümü barədə belə demişdir: Həzrət həmişə öz nümunəvi əxlaqı ilə düşməni utandırardı.
Mədinədə bir kişi var idi ki, hər vaxt imamı görəndə qabağını kəsib onu söyərdi. Bir gün imamın dostları «icazə ver onu tənbeh edək» - söylədikdə imam buyurdu: «Onunla işiniz olmasın və ona toxunmayın». Artı bu söhbətdən bir neçə gün keçmişdi, lakin həmin kişidən bir xəbər çıxmadı. İmam onun halını soruşduqda, dedilər: Mədinə çölündəki tarlasına gedib. Bunu eşitcək imam (ə) da həmin tarlaya getdi. Həmin kişi imamı görən kimi uzaqdan səslənib dedi: Mənim tarlama girmə. Mən səni və sənin ata-babanı özümə düşmən sayıram. İmam ona yaxınlaşıb salam verdi, kefini soruşduqdan sonra mehribanlıqla ona belə buyurdu: «Bu tarlaya nə qədər xərcləmisən?» Kişi dedi: Yüz dinar. Imam soruşdu: «Nə qədər gəlirin olacağına ümid edirsən?» Kişi dedi: Iki yüz dinar. Həzrət  içində üç yüz dinar olan bir kisəni çıxardıb ona verdikdən sonra buyurdu: «Bu pulu al, tarlan da özünə qalsın».

İllər boyu həzrəti təhqir edən kişi belə bir şeyi gözləmirdi. Elə buna görə də utanıb imamın əlindən öpdü və ondan üzr istədi. İmam Mədinəyə qayıtdıqdan sonra «Şərri özünüzdən belə uzaqlaşdırın» - deyə buyurdu. Elə buna görə də imama Kazim - qəzəbləndiyi zaman narahatçılığını büruzə verməyən - ləqəbi verilmişdir. O həzrət bütün pislik və yamanlıqların qarşısında yaxşılıq edərək düşmənlərini utandırardı. İmam öz qohumlarına məhəbbət bəsləyər və belə buyurardı: Qohumların arasında nə qədər düşmənçilik olsa da əgər bir-birləri ilə qarşılaşdıqları zaman əl verib görüşsələr, düşmənçilikləri aradan qalxar və hamısı dinclik və şadlıq hissi keçirər.

İmam Museyi Kazim əleyhissalam əliaçıqlıq və səxavət baxımından xalq arasında məşhur idi. Belə ki, bir dəfəyə min nəfər qulu azad etdirmiş və dar gündə onlara əl tutaraq onların borcunu ödəyirdi. Ibni Şəhraşub belə nəql edir: Bir gün Mənsur Imam Museyi Kazim əleyhissalamı saraya çağırtdırıb əmr etdi ki, Novruz günü orada oturub gətirilən hədiyyələri təhvil alsın. Imam bu işə həvəsi olmasa da çarəsiz qalıb qəbul etdi. Rəsmi salam mərasimində iştirak edən böyüklər və zadəganlar Mənsurun əmri ilə hədiyyələri o həzrətə təhvil verirdilər. Bir nəfər də Mənsurun tərəfindən orada durub gətirilən hədiyyələri siyahıya alırdı. Axırda bir qoca kişi gəlib dedi:

Ey Peyğəmbər övladı! Mənim dünya malından hədiyyə etmək üçün heç bir şeyim yoxdur. Amma baban Hüseyn əleyhissalamın müsibətinə dair bir şer yazıb sənə hədiyyə gətirmişəm. Qoca kişi yazdığı şeri oxudu, onun bu şeri imama çox təsir etdi. O Həzrət Mənsurun məmuruna əmr etdi ki, get Mənsurdan soruş gör bu hədiyyələrlə nə edəcək? Məmur gedib qayıtdıqda imama dedi: Əmir deyir ki, hədiyyələrin hamısını sizə bağışladım, istədiyiniz adama verə bilərsiniz. Həzrət yoxsul qoca kişiyə tərəf dönüb buyurdu: «Babam Hüseynin müsibətlərinə dair yazdığın şerə görə bu hədiyyələrin hamısını sənə bağışlayıram ki, yoxsulluqdan qurtarasan».

Günlərin bir günündə imam bir küçədən keçəndə bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub əylənməklə məşğul idi. Birdən evin qapısı açılıb zibbilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü imama sataşan kimi ona salam verdi. Imam ondan soruşdu: «Bu evin yiyəsi bəndədir ya azad» (Yəni quldur yoxsa qeyri-qul).
Kəniz dedi: Azaddır.
İmam buyurdu: «Azad olduğu bəllidir. Əgər bəndə olsaydı, Allahdan qorxub bu işləri görməzdi».
Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.
O kişi bir az duruxub imamın sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın imamın dalınca qaçdı. Özünü o həzrətə yetirib salam verdi və imamın hüzurunda öz əməlindən peşman olduğunu söyləyib tövbə etdi. O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də Büşri-hafi (ayaqyalın Büşr) ləqəbi ilə məşhur oldu. .

Harun, Əli övladlarının Abbasilərə qarşı mübarizə aparmasından çox əziyyət çəkirdi və hər nə cür olursa-olsun, xalqı Əli xanədanından ayırmağa çalışırdı. Şairlərə Əli övladı haqqında yaramaz sözlər demək və onları istehza etmək üçün çoxlu pul verirdi.

Şiə və Əli övladı olan seyidləri Bağdaddan Mədinəyə sürgün etdi və onlardan çoxunu öldürtdü. Harunun Xorasanda nümayəndəsi olan Həmid ibni Qəhtəbə, Abdullah Bəzzaz Nişaburiyə belə nəql etmişdir: Harunun Tusda bir bağı var idi ki , hər il oraya gəlirdi. Yenə bir dəfə ora gəldikdə gecə yarısı məni çağırtdırıb belə dedi: Mənə nə qədər vəfalısan? Dedim: Canımı, malımı sizə fəda edərəm. Dedi: Daha nəyi? Dedim: Namusumu, arvad-uşağımı. Dedi: Daha nəyi? Dedim: Dinimi, məzhəbimi. Harun başını qaldırıb uca səslə gülüb dedi: Istədiyimi dedin. Onda bu qılıncı al, mənim qulumun sənə əmr etdiyinə itaət et.

Harunun qulu məni Əli övladından altmış nəfərin həbs olunaraq saxlanıldığı bir evə apardı. Sonra həbsdə olanları bir-bir çıxardıb mənə çıxartdığı adamı öldürməyimi əmr edirdi. Mən də dərhal əmri yerinə yetirirdim. Onların hamısını öldürdükdən sonra meyitləri qabaqcadan həyətdə hazırlanmış quyuya atdım. Ey dost! Hər vaxt bu hadisə yadıma düşəndə bütün bədənim titrəyir.

Harun bütün bu elədikləri azmış kimi, hətta imam Hüseyn əleyhissalamın məzarı və ətrafındakı evlərin uçurdulmasını da əmr etdi. Bununla da istəyirdi ki, xalqın oraya ziyarətə getməyinin qarşısını alsın.

Harun çalışırdı ki, imama elə suallar versin ki, imam cavabını bilməyib nüfuzdan düşsün. Lakin hər dəfə imamın elm dənizinə yaxınlaşanda çarəsiz qalıb rüsvay olurdu. O cümlədən də bir dəfə Harun imamı Mədinədən Bağdada gətirib onunla mübahisə etməyə başladı:

Harun: Uzun müddətdir düşünüb cavabını tapmadığım bir şeyi sizdən soruşmaq istəyirəm. Xahiş edirəm mənim cavabımı verin.
İmam: Əgər danışmaqda sərbəst olsam, cavabını verərəm.
Harun: Sərbəstsiniz, istədiyinizi buyurun:
Harun: Nəyə görə siz belə düşünürsünüz ki, bizlərdən, yəni Abbas övladından üstünsünüz? Halbuki biz eyni ağacdanıq, yəni Haşimi övladıyıq.
İmam: Biz Peyğəmbərə sizdən daha yaxınıq.
Harun: Necə?
İmam: Belə ki, bizim atamız Əbutalib ilə Peyğəmbərin atası Abdullah eyni ata-anadandırlar, lakin sizin atanız Abbas təkcə ata tərəfindən Peyğəmbərlə qohumdur.
Harun: Peyğəmbər (s) vəfat edəndə sizin atanız Əbu Talib dünyadan getmişdi, ancaq bizim atamız Abbas hələ sağ idi və məlumdur ki, əmi yaşayınca əmioğluna, yəni sizə irs çatmaz.
İmam: Övlad olunca da əmiyə irs çatmaz. Demək Fatimeyi Zəhra ola-ola sizin atanız Abbasa irs yetişə bilməzdi.
Harun: Onda nəyə görə xalqa icazə verirsiniz ki, sizi Peyğəmbərin övladı çağırsınlar. Halbuki siz Əlinin övladısınız. Çünki hər kəsi atası ilə tanıyarlar və Peyğəmbər də ana tərəfindən sizin babanızdır.
İmam: Əgər Peyğəmbər dirilib sizin qızınızın elçiliyinə gəlsə, qızınızı ona verərsiniz?
Harun: Məmnuniyyətlə.
İmam: Amma Peyğəmbər heç vaxt mənim qızımın elçiliyinə gəlməz.
Harun: Niyə?
İmam: Çünki o, ana tərəfdən olsa belə yenə mənim atamdır. Lakin sənin isə atan deyildir. Buna görə də mən özümü Peyğəmbərin övladı adlandıra bilərəm.
İmamın dişsındırıcı cavabları Harunu susdurdu və imamın ondan bir şey istəməsini xahiş etdi. İmam  isə belə buyurdu: «Mən sizdən heç bir şey istəmirəm. Yalnız icazə verin sərbəst olaq və öz işimizi görək».
Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından imamı öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Nəhayət daşürəkli cəllad Sindi imamı zəhərlədi.
Harun yalançı şahid gətirməklə çalışdı ki, imamın zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə də həm özünə bəraət qazansın, həm də imamın tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da imamın meyidinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət İmam xalqın matəm və əzası altında Kazimeyndə torpağa tapşırıldı. O həzrətin məzarı bu gün də şiələrin ziyarətgahıdır.

zeka.az

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana