Gecə namazı belə qılınır:
1) Səkkiz rükət sübh namazı kimi ( iki rükət-iki rükət) “gecə namazı” niyyəti ilə qılınır.
2) Sonra iki rükət namaz “Şəfı” niyyəti ilə (qunutsuz) qılınır.
3) Sonra daha bir rükət də “Vitr” namazı niyyəti ilə qılınır. Bəzi alimlərə görə müstəhəbdir ki, vitr namazının qunutunda insan qırx mömin üçün dua etsin və onların bağışlanmasını Allahdan istəsin və desin : ”Allahumməğfirli filan...”. Daha sonra öz istəyini Allah-taaladan istəsin və sonra yetmiş dəfə “əstəğfirullahi rəbbi və ətubu iləyh” desin.
Sonra da yeddi dəfə “Haza məqamul-aizi bikə minənnar” desin.
Daha sonra 300 dəfə “əl-əfv” desin.
Sonra rüku və səcdələr yerinə yetirilir və namaz tamam olur.
Gecə namazını gecənin son üçdə birində sübh azanına yaxın qılmaq tövsiyə olunur. Beləki, Hz.Rəsuli-Əkrəm(s) bir kişinin "elə bir vaxt vardırmı ki, mömin bəndə dua etdikdə duası qəbul olunsun" sualına cavab olaraq buyurur ki, bəli var və həmin vaxt gecə yarısının sübhə yaxın qalan üçdə bir hissəsidir.
Gecə namazı barədə məsumlardan(ə) sayı-hesabı olmayan fəzilətlər buyrulub. Buyrulmuşdur ki, həm dünya həm də axirətin abadlığı gecə namazının əda olunmasında qərarlaşmışdır.
Hz.Rəsuli-Əkrəm(s) gecə namazı barədə buyurmuşudur ki, Cəbrayıl(ə) ibadət üçün gecəni oyaq qalmağı mənə o qədər tövsiyə etdi ki, ümmətimin ən yaxşı şəxslərinin heç vaxt yatmayacağını güman etdim.
Hz.İmam Sadiq(ə) gecə namazı barədə buyurur ki, gecə namazı insanı xoş ətirli edib, üzünü ağ və nurani edər və ruzi gətirər.
Ariflər və alimlər həmişə xalqa gecə namazına diqqət etməyi tövsiyə ediblər. Əllamə Təbatəbai(r) nəql edir ki, cavanlıq vaxtlarımda ustadım Əllamə Qazi(r) mənə buyurdu ki, "Övladım, əgər bu dünyanı istəyirsənsə, gecə namazı qıl. Və əgər axirəti istəyirsənsə, yenə də gecə namazı qıl!"
Gecə namazı 11 rikətdir. Onun 8 rikəti gecə namazının nafiləsi niyyətilə sübh namazı kimi iki rikət qılınır. Yəni 4 dəfə eynilə sübh namazı kimi 2 rikətli namaz qılınır. Daha sonra eynilə sübh namazı kimi amma qunutsuz 2 rikətli Şəfi namazı qılınır. Sonda isə 1 rikətli qunutu olan Vitr namazı əda edilir.
Niyyət: "Gecə namazının nafiləsinı qılıram qürbətən iləllah"+Təkbir
1-ci rikət: Fatihə+İxlas(Qul huvəllah)+Ruku+Səcdələr
2-ci rikət: Fatihə+İxlas+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Qeyd etdiyimiz kimi nafilə namazları 8 rikətdir. Yəni eyni namazı 4 dəfə təkrar etmək lazımdır ki, cəmdə 8 rikət edir).
Şəfi namazında müstəhəbdir ki, insan 1-ci rikətdə Həmd və Surədən sonra Nas surəsini, ikinci rikətdə isə Həmd və Surədən sonra Fələq surəsini oxusun. Amma oxumasa da heç bir eybi yoxdur.
Şəfi namazı qılıram qürbətən iləllah+Təkbir
1-ci rikət: Fatihə+İxlas+Nas+Ruku+Səcdələr
2-ci rikət: Fatihə+İxlas+Fələq+ Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Bir daha qeyd edək ki, Şəfi namazının qunutu yoxdur).
Vitr namazında müstəhəbdir ki, insan Fatihə surəsini oxuduqdan sonra 3 dəfə İxlas surəsini, 1 dəfə Fələq və bir dəfə də Nas surəsini oxusun. Həmçinin müstəhəbdir ki, namazın qunutunda 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh", 70 dəfə "Həzə məqamul-`aizi bikə minən-nar", 300 dəfə "əl-Əfv", 40 dəfə "Allahumməğfirlil-mumininə vəl-muminat" və 40 dəfə "Allahumməğfirli filankəs(filankəsin əvəzinə mömin(ə)in adını çəkmək) deyilsin. Amma bunların bir hissəsini yaxud birini yasxud heç heç birini etməyib qunut tutmaq şərtilə yalnız 1 rikət namaz qımaqla da kifayətlənmək olar. Amma yaxşı olar ki, 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh" deyilsin və Allahda 40 nəfər möminin bağışlanması istənilsin.
Vitr namazı qılıram qürbətən iləllah+Təkbir
Fatihə+3 dəfə İxlas+ 1 dəfə Fələq+1 dəfə Nas+Qunut+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar.
Qeyd: Gecə namazının nafilələrini qılmadan da yalnız Şəfi və Vitr namazlarını əda etmək olar. Hətta vaxt az olarsa, yalnız Vitr namazını qılmaq mümkündür.
**************
Sual: Gecə namazını nə vaxt qılmaq lazımdır? Bu namazı gecə yarı olmamış qılmaq olarmı?
Cavab: Gecə namazının vaxtı gecənin əvvəlindən (məsələn, şam və işa namazlarından sonra) başlayaraq sübh namazına qədər davam edir. Baxmayaraq ki, sübh namazına nə qədər yaxın olsa, bir o qədər yaxşıdır.
**************
Sual: Boynunda qəza namazları olan insan gecə namazı qılarkən qəza namazının niyyətini edə bilərmi?
Cavab: Qəza namazının niyyətini etsə, gecə namazı sayılmır.
**************
Sual: Gecə namazı qılarkən yalnız axırıncı 3 rükəti qılmaq olarmı? Həmçinin 40 nəfərdən sayca az insan üçün dua etmək olarmı?
Cavab: Bəli, olar.
**************
Sual: Gecə namazını ən az və on çox neçə rükət qılmaq olar?
Cavab: Ən azı bir rükət, yəni Vitr namazıdır. Ən çoxu isə 11 rükətdir.
**************
Sual: Gecə namazını oturan halda qılmaq olarmı?
Cavab: Eybi yoxdur.
**************
Mənbələr
- sistani.org
- ahlibeyt.az
Şərh yazın