Birinci əhvalat
Bu əhvalatı Hacı Ağa Müctəhidinin dostlarından biri cənab Məhəmməd Safiyə danışıb. Bir çox ariflər, övliyalar Qumda Cəmkaran məscidi yaxınlığında Kuhi-Xızır deyilən yerdə ibadətə məşğul olublar. Cənab Müctəhidi də bir neçə dəfə bu dağda ibadət edib. Bir dəfə cənab Müctəhidi ərbəin günü orada riyazətə məşğul imiş. İbadəti başa vurandan sonra evə qayıdıb. Dostlar onun görüşünə gəlib. Libasını dəyişən zaman cibindəki dəsmalda bir qarışqa görüb. Deyir ki, bu heyvanı yurd-yuvasından edib özümlə gətirmişəm. Bu diqqətsizlik təkrar olmasın deyə özümü tənbeh üçün onu Xızır dağına qaytarmalıyam. Bunu deyib piyada Xızır dağına üz tutur. Ona təklif ediləndə ki, maşınla getsin, deyir: “Piyada gedirəm ki, bir də belə iş tutmayım.”
İkinci əhvalat
Ayətullah Nasiri İsfahanın Kəmərzəri məscidində pişnamaz idi. İsfahanda böyük nüfuzu vardı. O Mürtəzəvi Ləngərudinin dilindən belə bir əhvalat nəql edir: “Bir gün qapı döyüldü. Qapını açanda gördüm ki, nimdaş libaslı bir şəxsdir. Nə istədiyini soruşdum. Dedi icazə verin, içəri gəlim. Əvvəlcə elə düşündüm ki, dilənçidir. Evə daxil olmaq istədiyini görəndə onu könülsüz dəvət etdim. Evə daxil olub, namaz qılmaq istədiyini söylədi. Dedim ki, bu otaq, bu da su. Buyur namazını qıl. O torbasından bir qab su çıxardı və həmin su ilə dəstəmaz aldı. Xalçanı kənara çəkib quru yerdə namazını qıldı. Namazını qurtarandan sonra dedim ki, xalça hansı pulla alınıbsa, ev də həmin pulla tikilib və xalçanı çəkməklə şübhədən qurtarmaq olmaz. Arzuolunmaz qonaq dedi: “Halal-haramlığı nəzərdə tutmamışdım. Mən bu günə qədər xalça üstə namaz qılmamışam.” Bir söz demədim. Qonaq üçün süfrə saldım. Süfrəyə baxıb dedi ki, burada mən yeyən bir şey yoxdur. Torbasından bir piyalə çıxardı. Piyaləyə su töküb özü ilə gətirdiyi çörəkdən doğradı. Nə qədər israr etdimsə süfrədəki xörəklərə əl vurmadı.
Süfrə yığışar-yığışmaz tələbə dostlardan biri qapını döydü. O otağa daxil olanda qonağın halı dəyişdi və dedi ki, ya o getsin, ya da mən gedirəm. Tələbə sanki onun məqsədini başa düşüb, tələsik otaqdan çıxdı. Qonağın bu rəftarı məni narahat etdi. Amma ona marağım artmışdı. Söz arası soruşdum ki, bu vaxta qədər İmam Zamanı (əc) görə bilibmi? Dedi ki, görmüşəm. Necə gördüyünü soruşdum. Qonaq dedi: “Biz üç nəfərik: Qurandan bir ayə oxuyuruq və havaya qalxıb istədiyimiz yerdə enirik.” Düzü bu sözlərini şübhə ilə qarşıladım. O bunu hiss edib dedi: “Otaqdan çıx, pəncərədən otağa bax.” Mən onun dediyi kimi etdim. O yerə uzandı və dodağının altında nə isə oxumağa başladı. Müşahidə etdiyim səhnə məndə bu vaxta qədər görünməmiş həyəcan yaratdı. O uzandığı vəziyyətdə havaya qalxmağa başladı. Daha şəkk-şübhəyə yer qalmamışdı. Qonaq Hindistana yol üstündə olduğunu deyib sağollaşdı və yola düşdü.
Səhəri gün tələbə yoldaşımla rastlaşdım. Dedi ki, sizə gələndə möhtəlim olmuşdum, qüsül vermək yadımdan çıxmışdı. Otağa daxil olanda sizin qonaq bunu hiss etdiyindən ayağa qalxmaq istədi...
Üçüncü əhvalat
Höccətülislam vəlmüslimin Davudi Ayətullah Müctəba Behişti İsfahaninin dilindən nəql edir:
Nəcəfdə təhsil aldığım zaman hamının məcnun dediyi bir şəxs dərslərdə iştirak edərdi və ustad ona bir söz deməzdi. Libaslarından divanə olduğu açıq görünən bu adam lal-dinməz oturar, kiminləsə işi olmazdı.
Mən həmişə dəstəmaz alıb dərs otağına gələrdim. Bir gün vaxt dar olduğundan dəstəmaz ala bilmədim. Otağa daxil olmaq istəyəndə hamının divanə saydığı şəxs qapını kəsib mane oldu. Təəccüblə baxdığımı görüb dedi: “Axı nə üçün dəstəmaz almamısan?!” Yerimdə donub qaldım. Axı o haradan bilirdi ki, mən həmişə dəstəmazlı olmuşam, bu dəfə isə dəstəmaz almamışam?
Sonralar bu barədə çox düşündüm. İnsanları zahiri görkəminə görə qiymətləndirmək düz iş deyil. İlahi insanlar var ki, onların zahiri divanəni xatırladır. Tövbə edib, Allahdan bağışlanma dilədim.
Şərh yazın