Bir gün öz dövrünün məşhur arif və zahidi Şeyx Əbülqasim Cüneyd Bağdadi gəzinti məqsədilə şəhərdən kənara çıxır. Tərəfdarları da arxasınca düşür. Şeyx tərəfdarlarından Bəhlul Danəndənin vəziyyətini soruşduqda, onun dəli oilduğunu deyirlər. Şeyx onunla görüşmək istədiyini bildirir və onu səhrada tapırlar.
Şeyx Bəhlulla salamlaşdıqdan sonra aralarında maraqlı söhbətlər baş verir.
Bəhlul: «Sən kimsən?»
Şeyx: «Cüneyd Bağdadi.»
Bəhlul: «İnsanları irşad edən məşhur Şeyx, sənsən?»
Şeyx: «Bəli.»
Bəhlul: «Yemək qaydalarını bilirsənmi?»
Şeyx: «Bəli.»
Bəhlul: «Necə yemək yeyirsən?»
Şeyx: «Bismillah ilə başlayıram, öz qarşımdakını yeyirəm, tikələri kiçik götürürəm, hər tikədən sonra şükür edirəm, kifayət qədər çeynəyirəm, başqalarının üzünə baxmıram, yemək vaxtı Allahdan qafil olmuram, doymadan süfrədən əl çəkirəm, yeməkdən öncə və sonra əllərimi yuyuram.»
Bəhlul: «Sən yemək yeməyi bilmirsən, bu halınla insanları irşad edirsən?»
O, bunu deyib ayağa qalxır və onu tərk edir.
Şeyxin tərəfdarları deyirlər ki, Şeyx, o dəlidir, ona baş qoşmayın. Şeyx isə deyir: «Bəzən Allah, haqq sözü insana dəli vasitəsilə catdırır.»
Şeyx, Bəhlulun arxasınca gedib, ona çatır.
Bəhlul: «Sən kimsən?»
Şeyx: «Yemək yeməyi bacarmayan Cüneyd Bağdadi.»
Bəhlul növbəti sualını soruşur: «De görüm, danışmağı bacarırsanmı?»
Şeyx: «Bəli.
Bəhlul: «Necə danışırsan?
Şeyx: «Qədərində danışıram, hesabsız danışmıram, dinləyicilərin fəhminə uyğun danışıram, onları yormuram və incitmirəm, Allaha və Peyğəmbərə (s) tərəf dəvət edirəm. Çalışdığım qədər faydalı danışıram, zahiri və batini elmlərin incəliklərinə riayət edirəm...»
Bəhlul: «Yeməkdən əlavə, sən heç danışmağı da bilmirsən.»
Bəhlul yenə də durub gedir. Şeyxin tərəfdarları deyirlər ki, Şeyx, gördün? Biz dedik ki, o dəlidir, ona baş qoşmayın, dəlidən bundan artıq bir şey gözləmək olmaz.
Şeyx onlara deyir ki, mənim onunla işim var, siz bunu başa düşməzsiniz.
Şeyx yenidən Bəhlula yaxınlaşır. Bəhlul yenə «Sən kimsən?» – deyə soruşur.
Şeyx: «Yeməyini və danışığını bilməyən Cüneyd Bağdadiyəm.»
Bəhlul: «Məndən nə istəyirsən? Yemək və danışıq qaydalarını bilmədin, heç olmasa, yatmağın qaydasını bilirsənmi?»
Şeyx: «Bəli.»
Bəhlul: «Necə yatırsan?»
Şeyx: «İşa namazını qıldıqdan sonra yataq libasımı geyinirəm, yatmazdan əvvl dəstəmaz alıram, zikr deyirəm və s.»
Bəhlul: «Sən heç yatmağı da bilmirsən.»
Bəhlul durub getmək istədikdə, Şeyx Cüneyd ondan yapışıb deyir: «Ey Bəhlul, mən heç nə bilmirəm, Allaha xatir mənə öyrədin – mənə yemək yeməyi, danışmağı və yatmağı öyrədin.»
Bəhlul: «İndi ki, öz nadanlığını etiraf etdin, sənə öyrədirəm. Şeyx, bil ki, sənin dediklərin dini əsası və kökü deyil, təfərrüatı və budaqlarıdır. Yeməkdə əsas məsələ odur ki, halal tikə yeyəsən. Qida haram olarsa, təfərrüata nə qədər riayət etsən də, faydası olmaz. Haram tikə insanın qəlbini qaraldır.
Danışmaqda əsas məsələ odur ki, təmiz qəlblə, pak niyyətlə və Allahın razılığı naminə doğru və haqq danışasan. Dünya əldə etmək üçün və qərəz üzündən deyilən sözlər, yaxud bihudə və boş danışıqlar insana yükdən başqa bir şey deyil. Bu zaman sükut daha gözəldir.
Yatmağa gəldikdə isə, yatarkən gərək qəlbində heç bir Allah bəndəsinə qarşı ədavət, kin-küdurət, həsəd və paxıllıq olmasın.»
(beytoote.com)
Maide.az – Maarif bölümü
Şərh yazın