“Yəvmul-həsrət” – “Həsrət günü” qiyamətin adlarından biridir. Yəni insan qiyamət günü “Nə üçün fılan işi yerinə yetirdim? Nə üçün fılan işi yerinə yetirmədim? Kaş ki, bu işi yerinə yetirərdim! Kaş ki, o işi yerinə yetirməzdim!” – deyə təəssüflənəcək, həsrət çəkəcək. Bir sözlə, həmin gün, hey özünü qınayacaq, danlayacaq, əməllərini çək-şevir edəcək və həsrətlə barmağını çeynəyəcək...
O zaman namazı ilk vaxtda qılmağın dəyər və qiymətini gördükdə təəssüflənəcək: “Axı nə üçün namazlarını vaxtında qılmadı!?”
Mübarək Ramazan ayının vacib orucunu və digər müstəhəb oruclara veriləcək savabın nə qədər böyük və dəyərli olduğunu gördükdə, “Nə üçün o isti günlərdə oruc tutmadım və yalan bəhanələrlə başqasını deyil, yalnız özümü aldatdım, üzrsüz yerə orucu yedim?!” – deyə həsrətlə başını aşağı dikəcək!
Ata-anaya ehtiramın qiymətini müşahidə etdikdə qüssələnəcək və öz-özünə “Necə də rahatlıqla ata-anaya ehtiram və qayğı sayəsində bu günə çoxlu ehtiyat toplaya bilərdim, amma...!” – deyə özünü qınayacaq.
O zaman əməl dəftərinə bir nəzər yetirəcək, dili ilə yerinə yetirdiyi nə qədər günahların yazıldığını müşahidə etdikdə, qəm-qüssəsi daha da atracaq, təəssüflənəcək!
Halal malın qiymətini müşahidə etdikdə, həsrətindən boğulacaq: “Axı nə üçün dünyada zikrim-fikrim var-dövlət toplamaq oldu! Nə üçün halallar haqda düşünmədim?!”
Qurani-Kərimdə zülmkar zümrələrin həsrəti belə təsvir olunur:
وَ یَوْمَ یَعَضُّ الظَّالِمُ عَلَى یَدَیْهِ یَقُولُ یَا لَیْتَنِی اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِیلًا
“O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım!”[1]
یَا وَیْلَتَى لَیْتَنِی لَمْ أَتَّخِذْ فُلَانًا خَلِیلًا
“Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim!”[2]
لَقَدْ أَضَلَّنِی عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءنِی وَ كَانَ الشَّیْطَانُ لِلْإِنسَانِ خَذُولًا
“And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).”[3]
Əfusus, yüz əfsus ki, o günün həsrəti bir fayda verməyəcək! Arıtq, insan o gün qalaq-qalaq sorğulara cavab vermək, əməllərinin hesab-kitabını vermək məcburiyyətində qalacaq, pis əməllərinə və günahlarına görə ilahi qəzəb və əzabla üzləşməli olacaq. Qurani-Kərimin “Zumər” surəsinin 56-cı ayəsində insanın qiyamət günü “Vay halıma!” – deyərək həsrət çəkəcəyi an belə vəsf olunur:
أَن تَقُولَ نَفْسٌ يَا حَسْرَتَى علَى مَا فَرَّطتُ فِي جَنبِ اللَّهِ وَإِن كُنتُ لَمِنَ السَّاخِرِينَ
“(Elə edin ki, sonradan) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edənlərdən idim!” – deməsin.”[4]
Mehriban və bağışlayan Allahdan istəyək ki, qiyamətin sorğu-sualı və hesab-kitabından öncə bizə öz əməllərimizin mühasibəsinə yetişmək tofiqatını əta etsin ki, qiyamət günü həsrət çəkəkənlər zümrəsindən olmayaq!
[1] “Furqan” surəsi, ayə 27.
[2] “Furqan” surəsi, ayə 28.
[3] “Furqan” surəsi, ayə 29.
[4] “Zumər” surəsi, ayə 56.
Rza Şükürlü (maide)
Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!
Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :
Şərh yazın