Bismillahir rəhmanir rəhim
Adətən insan Tövbə edəndən sonra onu narahat edən sual budur ki, görəsən Tövbəsi Allah dərgahında qəbul olunmuşdurmu? Bu suala cavab tapmazdan öncə yaxşı olar ki, Tövbənin tərifi və əhəmiyyəti barədə danışaq.
Tövbə, şəriətdə bəndənin üsyan və günah etdikdən sonra peşiman olaraq öz rəbbinə dönüşünə deyilir. Tövbənin əhəmiyyəti haqda bunu demək kifayətdir ki, Allah təala Qurani Kərimdə 88 dəfə bəndələri Tövbə etməyə və günahlardan çəkinməyə dəvət etmişdir. Allah təala belə buyurur:
"De: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (Tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!"[1]
Digər bir ayədə belə buyurulur:
"Ey möminlər! Hamınız Allaha Tövbə edin ki, nicat tapasınız!"[2]
Lakin Tövbənin dörd əsası vardır ki, hər kəs Tövbəsinin qəbul olmasını istəyirsə bunlara riayət etməlidir. Əmirəlmöminin(əleyhissəlam) bu haqda belə buyurur:
"Tövbə 4 rükun üzərində qurulub;
1. Qəlbən peşiman olmaq
2. Dildə Tövbə etmək
3. Əməldə Tövbə etmək
4. O günaha qayıtmamaq barədə ciddi qərara gəlmək."[3]
Birinci rükun ondan ibarətdir ki, Tövbə edən şəxs öz batinində bir dönüş icad etsin və etdiyi günaha qarşı onda nifrət yaransın. Bununla da etdiyi əmələ görə peşiman olsun.
İkinci rükün budur ki, ruhunda yaranan o peşimançılıq hissi dilinə cari olsun və öz qəlbinə itaət edərək Tövbəni izhar etsin. Yəni, istiğfar deyərək öz qəlbi nifrətini və peşimançılığını dilə gətirsin.
Üçüncu rükun: Bu mərhələdə artıq peşimançılıq hissi bədənin bütün üzvlərinə sirayət etməli, qəlbin və ağlın hökmüylə görülən günah əməlin paklanmasına çalışılmalıdır. Bu zaman əzalar yenicə yaranmış Tövbə ağacının möhkəmlənməsi üçün aşağıdakı işləri görməlidir:
1. Günah nəticəsində digərlərinin aradan getmiş haqlarının qaytarılması; Məsələn: əgər bir mömünün qeybətini edibsə, qəlbinə dəyibsə halallıq almalı və ya kiminsə malını tələf edibsə geri qaytarmalıdır. Bir sözlə boynunda olan bütün haqları ödəməlidir.
2. Eləcə də Allahın haqlarını da qaytarmalıdır. Məsələn: Əgər tərk olunmuş ibadətləri varsa yerinə yetirməli, boynunda olan şəri kəffarələri ödəməlidir.
3. Pis işləri və edilən xətaları yaxşı işlər və ibadətlərlə əvəz etməlidir. Qurani Kərim belə buyurur:
"Mən ancaq Tövbə edənləri, yaxşı işlər görənləri və (gizlətdikləri həqiqətləri) aşkar edənləri əfv edərəm. Mən Tövbələri qəbul edənəm, mərhəmətliyəm!"(Bəqərə/160) Qurani Kərimin buyurduğu kimi Tövbəkar şəxs Tövbə etməkdən əlavə saleh işlər görməli və xətalarını yumağa çalışmalıdır ki, ilahi əfvə layiq görülsün. Çünkü günah bir ağır xəstəliyə bənzəyir və günahkar şəxs bu xəstəliyə mübtəla olmuş bir xəstəyə. İnsan bu xəstəlikdən nicat tapmaq üçün çalışdığı kimi, bu xəstəlik vasitəsiylə bədəninin aradan getmiş enerjisinin də fikirində olmalıdır. Yəni, müalicə üçün lazımi dərmanlardan istifadə etməklə yanaşı öz zəifləmiş bədənini qüvvətləndirməyə və bununla da xəstəliyin pis təsirlərindən qurtulmağa çalışmalıdır. Buna görə də insan günah vasitəsiylə zəifləmiş imanını qüvvətləndirmək üçün xeyir əməllərə üz tutmalı və bununla da Tövbəsini kamilləşdirməlidir.
Dördüncü rükun: Günaha bir daha qayıtmamaq barədə ciddi qərara gəlmək. Yəni Tövbə insanın gələcək həyatı üçün bir qapı olmalıdır. Tövbəkar şəxs sanki, bu qapıdan girərək yeni həyata qədəm qoymalı və keçmişin qaranlığını geridə qoymalıdır.
Bundan əlavə Tövbənin iki rükunu da var ki, bunlar Tövbənin axırıncı kamal mərtəbəsi sayılır. Necə ki, İmam Əli(əleyhissəlam) mübarək kəlamının davamında buyurur: "Beşincisi budur ki, günah nəticəsində əmələ gəlmiş ətini əridəsən və altıncısı ibadətin zəhmət və çətinliklərini bədənə dadızdırasan necə ki, günahın şirinliyini ona dadızdırmısan"[4]
Əgər hər kəs belə bir Tövbə etsə və onun bütün rükunlarına düzgün əməl etsə əmin ola bilər ki, Tövbəsi Allah dərgahında qəbul olunmuşdur.
[1]. Zümər /53.
[2]. Nur/31.
[3]. "Mizanul-hikmət", 459-cu bab, 2160-cı hədis.
[4]. "İrşadul-qulub iləs-səvab", c1, səh.47.
Mənbə: welayatnet.com
Şərh yazın