Ayətullah Behcət

Ayətullah Behcətin Həyatından bir neçə xatirə (1)

Mənəviyyat yolçusu

Ayətullah Behcət mənəviyyat aləmində zati istedada malik bir şəxsdir. Kiçik yaşlarından ismət və paklığa xüsusi diqqət yetirən, bəzən alimlərin namazlarında iştirak edən Behcət mənəvi halları ələ gətirməyə uşaq yaşlarından səy edərmiş.

O, on dörd yaşında olarkən Kərbəlaya ziyarətə gedir. Özü bu haqda deyir: “İmam Hüseynin (ə) hərəmində olduğum vaxt namaz qılarkən qəribə mənəvi hala sahib olan bir şəxslə rastlaşdım. O vaxtlar mükəlləf olmağıma hələ bir il qalırdı. Ertəsi gün hərəmdə sübh namazı qılarkən həmin şəxsə iqtida etdim. Namazda “cümə” surəsini oxumağa başladı. Onu da qeyd edim ki, bu şəxsin namazda olan qəribə halını o vaxta qədər heç kəsdə görməmişdim. Demək olar ki, sonralar bu halı çox az adamda görə bildim.”

Bütün bu deyilənlər onun kiçik yaşlarından bəzi yüksək məqamlı şəxslərin idrak və batinindən xəbərdar olmasına işarədir. Halbuki həmin şəxsin alim kimi tanınmasına baxmayaraq, heç kim onun belə yüksək məqam və mərifət sahibi olduğunu zənn etmirdi.

Etdiyi bütün moizələrin əsasını və kamala çatma yollarını günahları tərk etmək tövsiyyələri təşkil edir və bu mövzuya çox təkidlə yanaşır. Belə mənəvi halları dərk və vəsf etmək, onun məqam və idrak sahibi olmasından xəbər verir.[1]

 

Ustad Qazinin dərslərinə qatılması

Təlatümlü dənizə bənzər aramsız ruhu hündür ləpələri ilə torpağa baş qoymaq üçün həmişə sahilə doğru can atırdı. Ayətullah Behcət bu yolu keçən bir arif ustadın sorağında idi ki, əl-ələ verərək çox dəqiq və mürəkkəb olan insanlıq yolunu birgə getsin. Həmin vaxtlar Kərbəlada Əllamə Təbatəbainin qardaşı arif və böyük filosof olan Ayətullah Məhəmməd Həsən İlahi Təbatəbai Təbrizi ilə tanış olur. Ayətullah Təbatəbai Əllamə Qazinin şagirdlərindən idi. O, Ayətullah Behcətin Mirzə Əli Qazi ilə görüşməsinə imkan yaradır. Ayətullah Behcət 17-18 yaşlarında olarkən Qazinin əxlaq dərslərinə qatılır.[2] Bu isə onun axtardığı həmin inci idi.

 

Mənəvi yolun ilk çətinlikləri

Günəş xəlq olduğu vaxtdan onun şəfaverici şüalarının qarşısını almaq niyyəti də yaranmışdır. Yarasalar günəşin yandırıcı şüaları qarşısında aciz və kor olurlar. Bəzi insanlar da başqalarının ələ gətirdiyi bir çox məsələləri özləri dərk etmədiklərindən, inkar etməyə çalışırlar. Bu cür yanlış düşüncə tərzi cəmiyyətdə əsaslı problemlər yaratmışdır. Tarix boyu həqiqət nurunun dərkindən aciz qalaraq övliya və mərifət sahiblərini həlakətə və dar ağacına sürükləyən insanlar çox olmuşdur. Əllamə Təbatəbai bu məsələni öz qəzəlində belə qeyd edir:

 

Çe Həllacha rəfte bər darha, Çe Fərhadha morde dər kuhha.

Dar düşüncəli və naqis insanlar üçün mənəviyyat yolunun dərki çox çətindir. Bu bəd xislətli adamlar İlahi arif Ayətullah Behcətin seçdiyi səadət yolunda da əngəl yaratmağa çalışmışlar. Bəzi etimadlı şəxslər belə nəql edirlər ki, Ayətullah Behcətin Əllamə Qazi ilə get-gəl etdiyini eşidən və mərifət məsələsinə etiqadı olmayan Nəcəfin fazil şəxslərindən bir qismi Ayətullah Behcətin atasına məktub yazıb onun həqiqət yolundan azdığını və Əllamə Qazi ilə get-gəl etdiyini qeyd edirlər. Atası məktubun cavabında yazır ki, vacib əməllərdən başqa bir şey öyrənməyinə və filankəslə (Ustad Qazi) get-gəl etməyinə razı deyiləm.

Ayətullah Behcət atasının yazdığı məktubla əlaqədar Əllamə Qazidən üzərinə düşən vəzifəsini soruşur. Ustad Qazi ona bu barədə təqlid etdiyi müctəhiddən sual etməsini buyurur. Ayətullah Behcət, Seyyid Əbül-Həsən İsfahaninin yanına gedib, məsələnin nə yerdə olduğunu danışanda “atadan itaət etmək vacibdir”–deyə Seyyid İsfahaninin cavabını eşidir.

Bu əhvalatdan sonra dərin sükuta qərq olan Behcət daha heç kimlə danışmır. Hətta lazım olan şeyləri almaq üçün mədrəsə xidmətçisindən xahiş edir və yaxud kağız üzərinə yazıb bir söz demədən satıcıya verərdi. Oxuduğu Seyyid Məhəmməd Kazim Yəzdinin mədrəsəsində iki qapı vardı.

Qapılardan biri geniş xiyabana, digəri isə dar küçəyə açılırdı. Camaatdan uzaq gəzən Behcət həmişə dar küçə qapısından get-gəl edərdi.

Ayətullah Behcətin dostu və tələbə yoldaşı Şeyx Abbas Quçani tələbəlik illərini belə yad edir: “Ayətullah Behcət sükut ixtiyar edəndən sonra mənəviyyat aləmindən onun qəlbinə qapılar açılır. O məndən xahiş etdi ki, bu sirri heç kimə açmayım.”

 

Ayətullah Qərəvi İsfahanini xatırlarkən

Ayətullah Behcətin müəllimlərindən biri də Ayətullah Qərəvi İsfahani olmuşdur. Hacı Məhəmməd Həsən Muinüt-tüccarın oğlu və Kompani ləqəbiylə məşhur Şeyx Məhəmməd Hüseyn İsfahani Nəcəfi 1875-ci ilin məhərrəm ayında dünyaya göz açmışdır. Ayətullah Seyyid Məhəmməd Hüseyn Tehrani onun şərhi-halını Ağa Bozorg Tehraninin dilindən belə nəql edir:

Qərəvi ibtidai dini dərsləri (müqəddimat) bitirdikdən sonra şiə aləminin böyük mərcələrindən Seyyid Məhəmməd Feşarəki İsfahani, Şeyx Rza Həmədani, Şeyx Məhəmməd Kazim Xorasani və başqalarının yanında fiqh və üsul dərslərini öyrənmişdir. Son zamanlar isə Axund Məhəmməd Kazimin dərslərinə gedərdi. O, on üç il Axundun elm gülüstanından bəhrələr götürmüş, yüksək səylər nəticəsində fiqh elmindən böyük sərmayə toplamışdır.

Hikmət və fəlsəfə dərslərini Nəcəfin tanınmış ustadı Ayətullah Mirzə Məhəmməd Baqir İstehbanatinin yanında öyrənmişdir. Ayətullah Qərəvi İsfahani daha çox fəlsəfədə ad çıxarmış və bu elmin dirçəlməsində xüsusi rolu olmuşdur. Bütün bunlarla yanaşı kəlam, təfsir, tarix, irfan, ədəb elmlərində yüksək savadı olan Qərəvi İsfahani bir nazim və nasir kimi ərəb və fars dillərində də tanınmış qələm sahibi idi. O zamanın nadir şəxsiyyətlərindən olub ruhu həmişə mələkut aləmində pərvaz edər, ilahi mərifət dəryasında qərq olardı. Ustadı Axund Məhəmməd Kazimin vəfatından sonra Nəcəf şəhərində daha bariz şəkildə özünü göstərməyə başladı. Artıq fiqh və üsul dərslərini müstəqil tədris etməyə başlayan Ayətullah Qərəvinin dərslərində çoxlu tələbə iştirak edərdi. Nəcəf alimləri ona xüsusi hörmət göstərir, onun hərtərəfli bilik sahibi olduğunu təsdiq edərdilər. Onun dərsləri kəlam əhlinin ülfət məkanına çevrilmişdi. Çünki o, fiqh və üsulda, xüsusilə də fəlsəfədə dərin mühakimələr yürüdürdü. Əksərən hikmət elmini tədris edərdi. Bu sahədə olduqca dərin biliyə sahib olan Ayətullah Qərəvi öz müasirlərindən daha üstün idi.

O, var gücünü elmin tədris və təbliğinə həsr edər, tələbələr pərvanə kimi onu dövrəyə alardılar. Qərəvi üsuli-fiqh, fiqh, hikmət elmləri və ali fəlsəfənin nəzmə çəkilmiş mənzum formasında çox dəyərli kitablar yazmışdır.

İnfarkt keçirən Ayətullah Qərəvi müalicədən sonra tədricən gümrahlaşmağa başlayarkən, qəfil dünyasını dəyişir.[3]

Tələbələrin daha çox ehtiyacı olduğu və elmindən bəhrə götürəcəkləri bir vaxtda Qərəvinin vəfatı hamı üçün gözlənilməz oldu. Onun vəfatı Nəcəf elmi hövzəsi üçün böyük zərbə idi. Çünki böyük fəqih Ayətullah Ziyauddin Əraqinin vəfatından bir həftə keçməmiş, Nəcəf elmi hövzəsi ikinci dahi şəxslə, yəni 65 yaşlı ustad Qərəvi ilə də vidalaşmalı oldu. Ayətullah Əraqi 1940-cı il zilqədə ayının 28-də dünyasını dəyişdi. Nəcəf elmi hövzəsində hamının ümidi Qərəvi İsfahaniyə idi ki, Ayətullah Əraqinin yerini dolduracaqdır. Amma əcəl ona da fürsət vermədi. Ayətullah-Üzma Seyyid Cəmaləddin Gülpayqani bu haqda belə nəql edir:

“Rəhmətlik Ziyauddin Əraqinin vəfatından sonra Nəcəf elmi hövzəsinin idarə heyətinə rəhbərlik və tədris işləri Qərəvi İsfahaniyə tapşırıldı. Heç kim onun belə tezliklə vəfat edəcəyini güman etmirdi. Artıq, Ayətullah Əraqinin vəfatından bir həftə keçirdi. Mən öz hücrəmdə gecə namazı qılırdım. “Vətr” namazının qunutunu oxuyarkən Ayətullah Əraqinin at üstündə gəldiyini çox aydın şəkildə gördüm. O, şeyx Məhəmməd Hüseynin (Qərəvi) evinə tərəf gedib içəri daxil oldu. Mən onun vəfat etdiyini yəqin etdim. Dan yeri söküldüyü zaman Əmirəl-mömininin (ə) hərəminin minarəsindən camaata xəbər vermək istəyərkən mən evdəkilərə dedim ki, indi Şeyx Məhəmməd Hüseyn Qərəvinin vəfat etdiyini deyəcəklər. Doğrudan da carçı o böyük şəxsiyyətin fani dünya ilə vidalaşma xəbərini deyərək camaatı meyit namazına çağırmağa başladı.”

Mərhum Ayətullah Şeyx Məhəmməd Hüseyn müraqibə, mühasibə və sükut əhli idi. Daim fikrə qərq olar, çox az hallarda danışardı. Əksər məclislərdə elmi mübahisələr getdiyi zaman o sükut edər, daha çox qulaq asmağa üstünlük verərdi. Məclisdə harada boş yer olsa, keçib orada da oturardı. Olduqca təvazökar, xoş əxlaqlı və sakit təbiətli bir insan idi. Atası Kazimeynin adlı-sanlı tacirlərindən biri olduğuna görə, oğluna (Qərəvi) ondan çoxlu var-dövlət qalmışdı. Ömrünün son illərini çox yoxsulluqla keçirən Qərəvi həmişə qəlbi şad, gülərüz və möhkəm iradəli idi. Nəcəf-Əşrəf alimlərindən Seyyid Məhəmməd Rza Xəlxali belə nəql edir: “Bir gün Huvəyş bazarına getmişdim. Bazarda Şeyx Məhəmməd Hüseyni gördüm. Küçənin ortasında əyilib yerə dağılan soğanları yığır və öz-özünə hey gülürdü. Mən salam verib, soğanları yığmağa ona kömək etdim. O, soğanları köynəyinin ətəyinə yığandan sonra evinə yollandı. Mən dedim: Məlumdur ki, soğanlar sizin köynəyinizin ətəyindən yerə tökülürmüş, amma gülüşünüzün səbəbini anlaya bilmədim. Rəhmətlik şeyx dedi: Cavan yaşlarımda təhsil üçün Nəcəfə gələndə maddi cəhətdən heç bir problemim yox idi. Bahalı libas geyinər, qiymətli təsbih və üzük gəzdirərdim. Bir gün Həzrət Əmirəlmömininin (ə) hərəmində ziyarət edərkən, təsbihimin ipi qırıldı və dənələri yerə töküldü. Hər dənəsi bir dinara bərabər olan çox qiymətli təsbih idi. İzzəti-nəfs və ya lovğalığım məni əyilib yerə tökülən təsbih dənələrini yığmağa qoymadı. Bunu özümə yaraşdırmadığım üçün, həmin qiymətli təsbehdən vaz keçdim. Bu gün bazara gedib bir qədər soğan aldım. Soğanları köynəyimin ətəyinə yığıb evə qayıtmaq istəyirdim ki, sənin gördüyün həmin küçədə camaatın arasında yerə töküldü. Mən əyilib soğanları yığmağa başladım və bu iş mənə çox asan gəldi. Amma soğanları topladığım vaxt gülməyimin səbəbi isə cavanlıqda təsbihimin ipinin qırıldığı və əyilib onları yığmaq mənim üçün nə qədər çətin olması idi. Halbuki o təsbihin qiyməti yüz dinar idi. Amma and olsun Allaha, bu gün yerə dağılan soğanları yığmaq mənim üçün çox asan idi. Buna görə də çox şadam.”

Rəhmətlik Şeyx Məhəmməd Hüseyn mükaşifə əhli də olmuşdur. Deyilənlərə görə, bir gün İmam Hüseynin (ə) hərəmində uzun müddət səcdədən sonra seyyidüş-şühədanı görür. İmam Hüseyn (ə) ona buyurur: “Burada camaatın sıx olduğu bir yerdə uzun-uzadı səcdə etmək yaxşı deyil. Belə əməlləri xəlvət yerlərdə (təklikdə) edin.”[4]

 

Ayətullah Qərəvinin müstəhəbb əməllərə xüsusi diqqəti

Ayətullah Behcət buyurur: “Rəhmətlik Kompani həyatındakı problemlərə, təhsil və tədrislə bağlı elmi məşğuliyyətlərinə baxmayaraq əksər müstəhəbb əməllərə də xüsusi əhəmiyyət verər, hətta müsafirətdə olduğu müddətdə də bu əməlləri yerinə yetirməyə çalışardı. Onun həmişəki dualarından biri bu idi: “Allahdan istəyirəm ömrünün son anına qədər bu tofiqi məndən almasın. Mən dua və namazlardan mənəvi qida və ləzzət alıram.”

Ayətullah Behcət deyir: “Mən bəzən öz-özümə fikirləşirəm ki, necə ola bilər insan bir gün də olsun “Aşura ziyarətini” oxumağı yaddan çıxarmır və namazların nafiləsini, hətta “Cəfər Təyyar” namazını da qılır. İnsan müsafirətdə olduğu zaman necə olursa-olsun, bəzi şeyləri həmişəki kimi yerinə yetirə bilmir. Xüsusilə də yaşlı adamın bütün bu müstəhəbb əməlləri yerinə yetirməsi müşküldür. Amma bütün bunlara baxmayaraq Ayətullah Kompani bunları ömrünün sonuna qədər davam etdirərmiş. Beləliklə, namazda səcdəyə gedərkən ruhu əbədi aləmə qovuşmağı təəccüblü deyil”.[5]

 

 

Mənbələr :
[1]. 
Yaxınlarından biri ilə müsahibədən.
​[2]. Şagirdlərindən biri ilə müsahibədən.
[3]. “Nuqəbaül-bəşər”, Ağa Bozorg Tehrani, 2-ci cild, səh. 560-562.
[4]. “Tövhidi elmi və eyni”, Əllamə Tehrani, səh. 27-31.
[5]. “Dər məhzəre bozorqan”, Möhsün Qərəviyan, səh. 132.

 

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Sayt və Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın!

Dostlarınızı kanalımıza dəvət etmək üçün aşağıdakı linki onlara göndərin :

https://telegram.me/az_ziaossalehin_ir

Paylaş:
TEQLƏR :

    Şərh yazın

    Plain text

    • No HTML tags allowed.
    • Web page addresses and e-mail addresses turn into links automatically.
    • Lines and paragraphs break automatically.
    Fill in the blank.

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    Şiələr

    İslam dini

    Dini hökmlər

    Fiqh və şəri hökmlər

    Mənəviyyat

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq

    İslam

    İslam təhsili

    Ziyaos-salehin site

    Tövsiyələr və Mənəvi təlimatlar

    Mənəvi şeirlər

    Mənəvi Dərslik

    kliplər

    Şəkillər

    Kitabxana

    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana
    əxlaq
    İslam
    İslam təhsili
    Ziyaos-salehin site
    Tövsiyələr və Mənəvi təlimatlar
    Mənəvi şeirlər
    Mənəvi Dərslik
    kliplər
    Şəkillər
    Kitabxana