Bir bayquş Süleyman (e) yanına gəldi, salam verdi. Hz.Süleyman salamını aldı. Sonra aralarında belə bir söhbət oldu:
-" Ey bayquş, niyə torpaqdan bitənlərdən yeməzsən?"
-"Hz. Adəm torpaqdan bitən buğda səbəbiylə cənnətdən çıxarıldı" - dedi.
-"Nə üçün su içməzsən?" - deyə soruşdu.
-"Çünki Nuh (e) qovmu suda boğuldu" - dedi.
-"Nə üçün abadlıq yeri tərk edib xarabalarda məskən salırsan?"
-"Xarabalar Allahın mirasıdır, mən də Allahın mirasında oturaram".
-"Xaraba üstünə qonan zaman nə deyərsən?"
-"Burada yeyib-içərək dolananlar haradadır?" deyərəm".
-"Bəs abad yer üzərindən keçsən nə deyərsən?"
-"Təəssüf ki, insan oğlu qarşısında bu qədər çətinlik ola-ola necə rahat yatmaqdadır" deyərəm.
-"Gündüzlər nə üçün çıxmazsan?"
-"İnsan oğlunun özünə etdiyi zülmün çoxluğundan..." dedi.
-"Ulayaraq nə deyərsən?"
"Ey qafil, axirət səfərin üçün azuqə hazırla" deyərəm və "Subhane xaliqin Nur" deyə zikr edərəm" - dedi.
Bunun üzərinə Hz. Süleyman (ə.s.) belə buyurdu: "Quşlar içində insan oğluna bu qədər gözəl nəsihət verən və bundan daha şəfqətli olanı yoxdur. Cahillərin ondan nifrət etmələri, onu uğursuz saymaları nə əcaib şeydir!.."